News
MƏTBUAT ÜÇÜN AÇIQLAMA
25.02.2019
Son günlər sosial şəbəkə səhifələrində və bəzi xəbər portallarında ləğv etmə prosesində olan “Dəmirbank” ASC-nin bir neçə keçmiş əməkdaşının “Atəşgah Həyat” Sığorta Şirkətinə münasibətdə narazılıq və şikayətlərinin yer aldığı məqalələr yayımlanmışdır. Bildirilir ki, “Dəmirbank” ASC əməkdaşlarının həyatın yığım sığortasının imkanlarından yararlanaraq götürdükləri kreditlər üzrə faizlər hesablanır, amma həmin kreditlərin təminatı olan əlaqədar investisiya alətlərinə (depozitə) faiz hesablanmır və bununla da onların iqtisadi mənafeləri pozulmuş olur.
Məsələ ilə bağlı bildirmək istərdik ki, “Dəmirbank” ASC ilə “Atəşgah Həyat” Sığorta Şirkəti arasında həyatın yığım sığortası müqaviləsi bağlanmışdır və bundan yaranan bütün məsələlər müqavilə şərtləri və qanunvericiliyin müddəaları çərçivəsində həllini tapacaqdır.
“Atəşgah Həyat” Sığorta Şirkəti hər zaman müştəriləri qarşısında öhdəliklərini lazımınca yerinə yetirmişdir və indiyədək heç bir müştəriyə həyatın yığım sığortası üzrə ödənişdən imtina edilməmişdir. Qeyd etmək lazımdır ki, ləğv prosesində olan “Dəmirbank” ASC-nin əməkdaşlarının yığım sığortası üzrə ilk sığorta ödənişinin vaxtı 2019-ci ilin iyul ayına təsadüf edir və işçilərin yığım sığortasına qoşulma vaxtlarına uyğun olaraq ödənişlərin 2020-ci ilin sonunadək verilməsi nəzərdə tutulur.
Eyni zamanda qeyd etmək vacibdir ki, ləğvetmə prosesində olan “Dəmirbank” ASC-nin əməkdaşlarını narahat edən məsələ şirkətimizlə bərabər nəzarət orqanının da diqqət mərkəzindədir. Hazırda, “Atəşgah Həyat” Sığorta Şirkəti məsələ ilə bağlı “Dəmirbank” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu və Maliyyə Bazarına Nəzarət Palatası ilə aparılan intensiv məsləhətləşmələrin yekunu olaraq belə bir anlaşma əldə olunmuşdur ki, məsələyə xüsusi yanaşma labüddür və ədalətli həll tapılmalıdır. Sığorta olunanların mənafelərinin təmin olunması üçün ümumi baxış artıq formalaşmışdır, hazırda detallar üzərində iş gedir. Məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcəkdir.