Xəbərlər

“Atəşgah Həyat” sığorta şirkətinin nümayəndəsi: Koronavirusa yoluxanlara 900 manat ödəniş olunacaq

08.04.2021

“Atəşgah Həyat” Sığorta Şirkətində Həyat sığorta idarəsinin rəisi Şəfəq Həsənova Fins.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

Yeni məhsulunuz olan "Antikoronavirus" haqqında məlumat verməyinizi xahiş edirik.

Koronavirus infeksiyası qlobal pandemiyadır və ölkəmizdə də bu virusun qarşısının alınması ilə bağlı intensiv şəkildə addımlar atılır və tədbirlərin görülməsi zərurət halını alıb. Bütün bunları düşünərək, ölkə rəhbərliyinin müəyyən mesajlarını nəzərə alaraq və şirkətimizin missiyasını əsas götürərək vətəndaşların bu virusa yoluxmaları nəticəsində qarşılaşacağı hər hansı tibbi riskləri və maliyyə xərclərini fikirləşib sosial yönümlü məhsul yaratmışıq. Müştərilərin sağlamlığını nəzərə alaraq COVID-19 virusunun vura biləcəyi zərərlərdən maddi təminat baxımından yanaşsaq, tam vaxtında atılmış addımdır. Yəni bu məhsul vasitəsilə virusa yoluxma halında “Atəşgah Həyat” Sığorta Şirkəti vətəndaşları maddi sıxıntılardan qorumuş olur. “Antikoronavirus” məhsulu bazarda bu qəbildən olan ilk məhsuldur və əhali arasında kifayət qədər böyük maraq yaradıb. Qısaca olaraq deyə bilərəm ki, “Antikoronavirus” həyat sığorta növünə aiddir və koronavirusa yoluxma və xəstənin istənilən səbəbdən ölümü halında sığorta təminatı təklif edir.

Sözügedən sığorta paketinin qiymətləri haqqında məlumat verərdiniz.

Əhalinin maddi tələblərini nəzərə alaraq, müxtəlif yaş qruplarına uyğun olaraq fərqli sığorta haqlarını özündə əks etdirən sığorta paketləri ortaya çıxarmışıq. 6 aylıq sığorta haqqı 19, 38 və 57 AZN təşkil edən üç növ sığorta paketi hazırlamışıq. Sığorta haqqı 19 manat təşkil edən paketdə sığorta məbləği 1000 manat təşkil edir. Yoluxma üzrə sublimit isə 250 AZN-dir. Sığorta haqqı 38 manat olan paketin sığorta məbləği isə 2000 manatdır. Yəni vətəndaş koronavirus və ya başqa bir səbəbdən vəfat edərsə, onun ailəsinin alacağı məbləğ 2000 manata bərabərdir. Virusa yoluxduğu halda isə 600 manat ala biləcək. Sığorta haqqı 57 AZN təşkil edən paketdə isə sığorta məbləği 3000, yoluxma üzrə isə 900 manat təşkil edəcək.

Digər bir sığorta paketimiz isə yaşı 51-60 arası olan vətəndaşlar üçün nəzərdə tutulub. Burada üç paketimiz var. Həmin paketlərin sığorta haqqı 33, 66 və 99 manat təşkil edir. 33 manatlıq sığorta haqqı ödənilməsi müqabilində maksimal ödəniş 1000 manat, 66 manatlıq sığorta haqqında maksimal məbləğ 2000 manat, 99 manatlıq sığorta haqqında isə bu, 3000 manatdır.

Sizcə, əhali tərəfindən belə sığora paketlərinə tələbat nə qədərdir?

Tələbat yüksəkdir. Hazırda virusa yoluxma halları yenidən artıb. “Atəşgah Həyat” Sığorta Şirkəti tərəfindən 50 min manata yaxın sığorta ödənişi edilib. Gündən-günə əhalidə bu sığorta məhsuluna tələbat artır. Dünya praktikası da göstərir ki, hər hansı bir şəxs bu virusa bir dəfə yoluxursa, bu onu ikinci dəfə yoluxmadan xilas etmir. Şəxsi təcrübəmizdə də belə halla qarşılaşmışıq: bir dəfə ödəniş əldə etmiş şəxs ikinci dəfə də yoluxub. Ona görə də biz başa düşürük ki, bu sığorta məhsulunun bazarda xüsusi rolu var və vətəndaşlar üçün xüsusi əhəmiyyət kəsb edir.

Sığorta ödənişinin alınması prosesi haqqında məlumat verərdiniz.

Nəzərə alsaq ki, hazırda vətəndaşların əksəriyyəti onlayn iş rejiminə keçib, biz də sığorta ödənişlərinin verilməsini buna uyğun şəkildə kifayət qədər sadələşdirmişik. Hər hansı müştərimiz koronavirusa yoluxarsa, bunu təsdiqləyən laborator analizin nəticələrini bizə göndərməklə müəyyən müddət ərzində sığorta ödənişini ala bilər. Yəni, tələb olunan sənədlər təqdim olunandan sonra 7 iş günü ərzində sığorta ödənişinin verilməsi nəzərdə tutulur.

Bir daha qeyd edim ki, bu sığorta məhsulu həm də müddətli həyat sığortasıdır. Yəni sığortalanan şəxs təkcə koronavirus deyil, istənilən bir səbəbdən sığortalandığı müddətdə vəfat edərsə, ödənişin verilməsi nəzərdə tutulub.